REGİONLAR
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının rəsmi internet saytı yenilənib
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının rəsmi internet saytı (nbf.nsu.edu.az) müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında yenidən hazırlanaraq istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dizayn baxımından müasir tələblərə uyğunlaşdırılan saytda funksionallıq artırılıb və yeni modullar əlavə edilib.
Saytın Naxçıvan Dövlət Universitetində keçirilən təqdimatında qeyd olunub ki, mobil versiya da hazırlanıb. Yeni sayt “Ana səhifə”, “Haqqımızda”, “Qalereya”, “Yarış və nailiyyətlər”, “Rəhbərlik”, “Xəbərlər”, “Əlaqə” bölməsi olmaqla, ümumilikdə, 7 bölmədən ibarətdir. “Xəbərlər” bölməsində federasiyanın keçirdiyi tədbirlər və idman yarışlarına dair xəbərləri izləmək mümkündür.
Vurğulanıb ki, “Yarış və nailiyyətlər” bölməsində keçirilən yarışlar və qazanılan nailiyyətlərlə, “Qalereya” bölməsində yarışların fotoşəkilləri ilə tanış olmaq olar. Sual və təklifləri ünvanlamaq üçün isə “Əlaqə” bölməsindən istifadə edilə bilər.
Sonda Naxçıvan Televiziyasının hazırladığı “Kim sevirsə idmanı” verilişi təqdim olunub.