REGİONLAR
Naxçıvan şəhərində tikinti-quruculuq işləri sürətlə davam etdirilir
Naxçıvan, 29 may, AZƏRTAC
Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər uğurla davam etdirilir. Yeni yaşayış binaları tikilir, mövcud binalar əsaslı şəkildə yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində bu ayın əvvəlində təməli qoyulan yeni yaşayış binasının tikintisini Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi həyata keçirir. Səkkiz mərtəbədən ibarət olacaq binanın zirzəmi hissəsində 210 kvadratmetrlik anbar, foye yerləşəcək. Birinci mərtəbəsində mağazaların fəaliyyət göstərəcəyi binanın digər mərtəbələrində hər mərtəbəyə bir mənzil olmaqla, cəmi 6 mənzil olacaq. 220 kvadratmetrlik mənzillərin hər birində 30 kvadratmetrlik üç yataq otağı, bir salon, foye və mətbəx yerləşəcək. Müasir üslubda inşa edilən binada hər mənzilin üç eyvanı olacaq.
Naxçıvan şəhərinin İslam Səfərli küçəsində inşa olunan 400 yerlik avtomobil dayanacağı isə şəhərdə yüksək səviyyəli parkinq xidmətinin göstərilməsinə öz töhfəsini verəcək. Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olan avtomobil dayanacağı üç korpusludur. Artıq dayanacaq binasının birinci korpusunda lift quraşdırılıb. İkinci korpusda da liftin quraşdırılması davam etdirilir.
“Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi həmin obyektin tikintisi başa çatdırıldıqdan sonra ümumi sahəsi 5570 kvadratmetr olan avtomobil dayanacağının bütün mərtəbələrində avtoservis xidmətləri göstəriləcək.
Yeni tikinti obyektlərindən biri də Naxçıvan şəhərinin Atatürk küçəsində inşa olunur. 2 nömrəli uşaq musiqi məktəbi üçün tikilən bina 4 mərtəbədən ibarət olacaq. Binada tikinti işlərinə ötən ilin mart ayından başlanılıb. Hazırda daxildə döşəmə vurulur, divarlar boyanır, obyektin ətrafında isə abadlıq işləri aparılır.
Naxçıvan şəhərinin Babək məhəlləsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yeni yataqxana binasının tikintisi də davam etdirilir.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən obyektin tikintisinə 2014-cü ilin iyul ayında başlanılıb. Bina zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarətdir. İnşaatçılar obyektdə işlərin keyfiyyətlə və vaxtında tamamlanması üçün səylə çalışırlar.