REGİONLAR
Naxçıvana son illər 1500-dən çox müasir kənd təsərrüfatı texnikası gətirilib
Naxçıvan, 16 fevral, AZƏRTAC
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xətti ilə 264-ü ötən il olmaqla, 1505 müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikası və avadanlıq alınaraq muxtar respublikaya gətirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, məhsuldarlığın artırılmasında mühüm rol oynayan mineral gübrələrin alınaraq muxtar respublikaya gətirilməsi və torpaq mülkiyyətçilərinə çatdırılması da diqqət mərkəzində saxlanılıb. 2014-cü ildə güzəştli qiymətlərlə 3867 ton mineral gübrə satılıb və kifayət qədər gübrə ehtiyatı yaradılıb. Hüquqi və fiziki şəxslərə lizinq yolu ilə 276-si keçən ildə olmaqla, 1093 ədəd texnika satılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 tarixli Fərmanı Naxçıvanda uğurla icra olunur. Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən lizinqə götürülən, habelə Yaponiya hökumətinin 2KR proqramı çərçivəsində alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikalarına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərti ilə güzəşt tətbiq edilir. Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən lizinqə götürüləcək və satın alınacaq kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt olunur.