SİYASƏT
NAXÇIVANDA BEYNƏLXALQ UŞAQ HÜQUQLARI KONVENSİYASI GÜNÜ QEYD OLUNMUŞDUR
Naxçıvan, 20 noyabr (AZƏRTAC). Naxçıvan MR Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 noyabr – Beynəlxalq Uşaq Hüquqları Konvensiyası gününə həsr olunmuş tədbir keçirmişlər.
Təhsil naziri P.Nağıyev demişdir ki, bu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul etməsindən 20 il ötür. Əsası ümummilli lider tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevi davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmışdır. Azərbaycanda uşaqlara böyük qayğı vardır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əlil və kimsəsiz uşaqlara yardımların göstərilməsi, onlarla uşaq evlərinin təmiri, xəstə uşaqların müalicə edilməsi onların diqqət mərkəzində olmasından xəbər verir. 2009-cu ilin ölkə Prezidentinin sərəncamı ilə “Uşaq ili” elan edilməsi və başqa tədbirlər uşaqlara dövlət qayğısının bariz nümunəsidir. Naxçıvan MR-də də uşaqlar dövlət qayğısı ilə əhatə olunmuşlar. Təkcə 2009-cu ildə regionda 15 orta məktəb, 3 uşaq bağçası və 4 uşaq musiqi məktəbi istifadəyə verilmişdir.
Çıxışlardan sonra uşaqlar milli rəqslərimizi ifa etmiş, mahnılar səsləndirmişlər.
######