REGİONLAR
Naxçıvanda bu ilin 6 ayında 75 mindən çox sərnişin dəmir yolu nəqliyyatından istifadə edib
Naxçıvan, 20 iyul, AZƏRTAC
Muxtar respublikada dəmir yolunda daşımaların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır, qatarların fasiləsiz hərəkəti təmin olunur. Bu ilin altı ayında Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük və sərnişin qatarlarının fasiləsiz işi təmin olunub, dəmir yolu vasitəsilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 30 min tona yaxın yük daşınıb, 75 min 419 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin əməkdaşları dəmir yollarının istismar vəziyyətini mütəmadi yoxlayıb, baş və stansiya yollarında lazımi təmir işləri görüb. Xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlər də gücləndirilib, Culfa Lokomotiv Deposunda lokomotivlər 29 dəfə texniki baxışdan keçirilib, 9 lokomotiv cari təmir edilib. Culfa İstismar Vaqon Deposunda isə 6 ay ərzində 77 vaqon depo təmir edilib, xidməti ərazidə 2 min 831 ədəd yararsız şpal dəyişdirilib.
Dəmir yolu işçilərinin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılıb, 24 dəmiryolçu Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan kursu bitirib. Həmçinin dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə Naxçıvan Dövlət Universitetinin 8, Naxçıvan Dövlət Texniki Kollecinin isə 13 tələbəsi işə qəbul olunub.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən iyun ayında Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilib.