REGİONLAR
Naxçıvanda əhalinin meyvə-tərəvəzlə təminatı diqqət mərkəzindədir
Naxçıvan, 4 dekabr (AZƏRTAC). Qış fəslində insanların qayğıları da artır. Qışın gözəlliyi ilə yanaşı, sürprizləri də az olmur. Odur ki, qışda rahat həyatı təmin etmək üçün hazırlıqlara hələ yay bitməmişdən başlanılır. Naxçıvan kimi iqlimi kəskin kontinental, yəni yayı isti, qışı sərt keçən bir yerdə qışa hərtərəfli hazırlaşmaq əsas vəzifələrdən biridir.
Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən bütün tədbirlərin məqsədi insanlığın rahatlığına yönəlmişdir. Bu tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların və istixana komplekslərinin gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur.
Bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin etmək üçün soyuducu anbarların mühüm rolu vardır. Xüsusən kənd təsərrüfatı məhsullarının saxlanılmasında anbarlar vacib funksiyasını həyata keçirir. Eyni fikirləri qışın sərt keçən aylarında təzə tərəvəz məhsulları ilə bazarı təmin edən istixanalar haqqında da söyləmək olar. Naxçıvanda bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, istər soyuducu anbar, istərsə də istixana təsərrüfatları yaradılması sahəsində müsbət nəticələr əldə olunmuş və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Bəs bu il Naxçıvanda bazarın təminatı necə olacaqdır? Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda muxtar respublikada ümumi tutumu 11 min 770 ton olan 14 soyuducu anbar fəaliyyət göstərir. Ümumi tutumu 7 min ton olan 5 soyuducu anbar məxsus olduğu şirkətlərin fəaliyyəti ilə bağlı müxtəlif məhsulların dövriyyəsi üzrə ixtisaslaşmışdır. Tutumu 4 min 770 ton olan digər 9 soyuducu anbar isə meyvə-tərəvəz məhsullarının tədarükü və saxlanması üzrə ixtisaslaşmışdır. Bu anbarlara mövsüm ərzində 2555,19 ton məhsul yığılmışdır. Belə ki, 1830,03 ton kartof, 214,52 ton soğan, 257,49 ton alma və digər kənd təsərrüfatı məhsulları tədarük olunmuşdur. Bu məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılmış, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən soyuducu anbarlara gətirilən və burada saxlanılan məhsullardan vaxtaşırı nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilmiş, onların normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.
Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana kompleksləri də mühüm rol oynayır. Bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində istixana komplekslərinin sayı 11-ə, ümumi sahəsi isə 51.796 kvadratmetrə çatdırılmışdır.
Bu tədbirlərin davamı olaraq, 2013-cü ilin ötən dövrü ərzində muxtar respublikanın müxtəlif rayonlarında 4 sahibkarlıq subyektinə soyuducu anbarların qurulması üçün 111,5 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar istixana komplekslərində 48.928 kvadratmetr sahədə əkin aparılmışdır. Bu tədbirlər mərhələli olduğu üçün əkin hazırda da davam etdirilir. Ümumiyyətlə isə cari il sentyabrın 1-dən noyabrın 21-dək muxtar respublikadakı istixanalarda 46.104 kiloqram məhsul yetişdirilərək satışa çıxarılmışdır.