REGİONLAR
Naxçıvanda icra olunan “Məhkəmə könüllüləri” layihəsi başa çatıb
Naxçıvan, 29 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasında təhsil alan 3-cü, 4-cü kurs tələbələri və magistrantları “Məhkəmə könüllüləri” layihəsi çərçivəsində 2019-cu il noyabr ayının 5-dən etibarən üç ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində könüllü fəaliyyət göstəriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tələbələr bu müddət ərzində qruplara bölünərək şöbələrdə hakimlərin iş təcrübəsini öyrənib, məhkəmə tərəfindən qəbul olunan qərarlarla tanış olub, məhkəmə iclaslarında və vətəndaşların qəbulunda bilavasitə iştirak ediblər. Layihə çərçivəsində tələbələr “Elektron məhkəmə” sistemi ilə də yaxından tanış olublar. Onlar üçün Ali Məhkəmədə müxtəlif hüquqi mövzularda seminarlar və səhnələşdirilmiş mülki məhkəmə icraatı üzrə məhkəmə prosesləri də təşkil edilib.
Layihənin sonuncu günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüşüb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların tərkib hissəsi kimi hüquq-mühafizə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyini vurğulayıb. Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının gələcəyin fəal, təşəbbüskar, vətənpərvər ruhlu kadrlarının yetişdirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri olduğunu bildirib.
Ali Məhkəmənin sədri gənclərə zəruri təcrübə qazanmaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi, məhkəmə sistemində şəffaflığın artırılmasında fəal iştirak etmələri barədə tövsiyələr verib, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.