REGİONLAR
Naxçıvanda keçirilən əmək yarmarkalarında işaxtaranlara 280 müəssisədən 1291 boş iş yeri təqdim edilib
Naxçıvan, 20 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayı ərzində keçirilən əmək yarmarkaları başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əmək yarmarkalarında işaxtaranlara 280 müəssisədən, ümumilikdə 1291 boş iş yeri təqdim edilib. Bu tədbirlərdə 210 nəfər müvafiq vakansiyalar üzrə işə göndərilib, 72 nəfərin özünüməşğulluq proqramına, 37 nəfərin isə peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.
Qeyd edək ki, sonuncu əmək yarmarkası Şahbuz rayonunda keçirilib. İşaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən 24 müəssisədən 118 boş iş yeri təqdim edilib. Nəticədə, 17 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Əmək yarmarkasında peşə hazırlığı kurslarına 4 nəfər qeydiyyata alınıb.