REGİONLAR
Naxçıvanda keçirilən “STEAM təhsil festivalı”ndan FOTOREPORTAJ
Naxçıvan, 11 iyun, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “STEAM təhsil festivalı” maraqla qarşılanıb.
Festivalda 11 kateqoriya üzrə məktəblilər arasında “Robotunu yarat”, “Lego Sumo”, “3D bacarıqlar”, “Labirint həll edən robot”, “Sənaye Robot Qoll”, “Short Movie”, “Micro: Bit Coding”, “Drone”, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında isə “Yaşıl texnologiyalar” və “Sosial texnologiyalar” müsabiqələri keçirilib. Müsabiqələrdə ümumtəhsil məktəblərindən 640 şagird 204 layihə, ali və orta ixtisas təhsili müəssisələrindən isə 84 tələbə 58 layihə ilə iştirak edib.
“Lego robotlar”, “Xətt izləyən” və “Hera” yanğınsöndürən robotlar, “Oxatan”, “Şəhər” və “Robomissiya” robotlarının, “Ağıllı ev”, “Ağıllı istixana”, “Ağıllı hərbi baza”, “Termobee”, “Minaaxtaran dron” layihələrinin nümayişi, 3D printerlə işlər, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının təqdim etdikləri pilotsuz uçuş aparatları layihələri maraqla qarşılanıb.
Festivalda qədimliklə müasirliyin sintezini nümayiş etdirmək üçün STEAM layihələri ilə yanaşı, muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən innovativ dərnəklər tərəfindən bədii tikmə, toxuculuq, ağac üzərində oyma, ağac üzərində yandırma, dulusçuluq, şüşə üzərində işləmə sənəti, keçə işləmə sənəti, bədii dəri işləmə sənəti, bijüteriya, xalça, heykəltəraşlıq, metal üzərində döymə, duz sənəti, memarlıq, ebru sənəti, rəsm və dekorativ işlər üzrə 3 minə yaxın əl işi sərgilənib.
AZƏRTAC-ın Naxçıvan bürosu “Naxçıvanı qürurla paylaşaq!” layihəsinin iştirakçısı Zəhra İsmayılovanın festivaldan çəkdiyi şəkilləri təqdim edir.