CƏMİYYƏT
Naxçıvanda minimal-invaziv cərrahiyyədə müasir standartlar mövzusunda seminar və treninq kursları keçirilib
Bakı, 11 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyəti, Ürək və Sağlamlıq Assosiasiyası, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti və “Almaz Akademie” Tibbi Treninq Mərkəzinin təşkilati dəstəyi ilə Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “Minimal-invaziv cərrahiyyədə müasir standartlar” mövzusunda seminar və treninq kursları keçirilib.
Laparoskopik, ürək, ginekologiya, urologiya və ümumi cərrahiyyədə minimal invaziv yanaşmaların müasir vəziyyəti müzakirə olunaraq həmin sahələr üzrə həkim, rezident və tələbələr üçün ən müasir treninqlər təşkil edilib, minimal invaziv cərrahiyyənin aktual problemlərinə həsr edilmiş məruzələr dinlənilib və mürəkkəb cərrahi patologiyalar üzrə canlı əməliyyatlar həyata keçirilərək muxtar respublikanın həkimləri üçün ustad dərsləri keçirilib. Tədbirin təşkilində ekspert və referent qismində məşhur ürək-damar cərrahı, professor Rəşad Mahmudov, Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Azərbaycanda minimal invaziv ginekologiyanın öncüllərindən olan professor İslam Mahalov, tanınmış ginekoloq, tibb elmləri doktoru Səadət Sultanova, uzun müddət Türkiyədə çalışmış uroloq Emil Muxtarov iştirak ediblər.
Professor Qurbanxan Müslümovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, tədbir zamanı Naxçıvanın müxtəlif klinikalarında çalışan 50-ə yaxın həkim, rezident və tələbə üçün laparoskopik cərrahiyyə, ginekologiya və urologiya ixtisasları üzrə müasir treninq modelləri və canlı heyvan orqanları üzərində əməliyyatlar aparılıb. Treninqlər zamanı iştirakçılar sadə laparoskopik vərdişlərin qazanılması ilə yanaşı disseksiya vərdişlərinə yiyələnib, xolesistektomiya, appendektomiya, ginekoloji və böyrək əməliyyatı texnikalarını öyrəndikdən sonra həmin əməliyyatları xüsusi modellər üzərində icra ediblər. Treninqlərlə yanaşı professor Q.Müslümov mürəkkəb patologiyası olan xəstələr üzərində canlı əməliyyatlar həyata keçirərək yerli cərrahlar üçün ustad dərsləri nümayiş etdirib.
Minimal invaziv cərrahiyyənin aktual problemlərinə həsr olunmuş seminarda çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Niyazi Novruzov muxtar respublikanın səhiyyəsi və həkimləri üçün tədbirin əhəmiyyətini vurğulayaraq ilk dəfə təşkil edilən treninq kurslarının davamlı olmasını arzu edib. Seminarın 200 nəfərə yaxın iştirakçısı üçün təbabətin müxtəlif sahələrində minimal invaziv yanaşmalar mövzusunda məruzələr dinlənilib və diskussiyalar təşkil edilib. Gələn il mayda Bakıda keçiriləcək Azərbaycan-Alman-Türk Beynəlxalq Tibb Konqresinin öz işini bir gün də Naxçıvanda davam etdirməsi və beynəlxalq səviyyəli xarici mütəxəssislərin iştirakı ilə yerli həkimlər üçün leksiya və treninqlər aparılması qərara alınıb.