REGİONLAR
Naxçıvanda “Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin beşinci turu başa çatıb
Naxçıvan, 8 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında iki ildir keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirin 5-ci turunun qalibləri Naxçıvan şəhərində, Kəngərli, Şərur və Sədərək rayonlarında mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, qaliblərin mükafatlandırılması ilə əlaqədar keçirilən mərasimlərdə muxtar respublikada vergitutma bazasının genişlənməsinə, vergiyə cəlb olunan gəlirlərin düzgün müəyyən edilməsinə, şəffaflıq və etibarlılığa möhkəm zəmin yaradan, nağdsız hesablaşmaların həcminin artırılmasına imkan verən tədbirlərin davam etdirildiyi bildirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il martın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb.
Qeyd edilib ki, muxtar respublikada nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminalların quraşdırılması işlərinə nəzarət daha da gücləndirilib. Belə ki, 2016-cı il 1 iyun tarixinə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 1147 ədəd olmaqla, Naxçıvan şəhərində 537-yə, rayon və kənd mərkəzlərində 610-a çatdırılıb. Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomatların sayı 1 iyun tarixinə 99 olmaqla, Naxçıvan şəhərində 56-ya, rayon və kənd mərkəzlərində 43-ə, ödəniş kartlarının sayı muxtar respublika üzrə 232 min 43 ədədə çatdırılıb.
Görülmüş tədbirlərin nəticəsində muxtar respublika üzrə cari ilin ilk 5 ayı ərzində nağdsız ödənişlərin həcmi 12 milyon 90 min manat olub.
Sonra hədiyyələrin təqdimatı olub.
Naxçıvan şəhərində birinci meyar üzrə (400 manatdan 601 manatadək nağdsız əməliyyat aparan şəxslər) 23, ikinci meyar üzrə (601 manatdan 801 manatadək nağdsız əməliyyat aparan şəxslər) 5, üçüncü meyar üzrə (801 manatdan çox nağdsız əməliyyat aparan şəxslər) 8, Şərur rayonunda birinci meyar üzrə 21, ikinci meyar üzrə 10, üçüncü meyar üzrə 6, Kəngərli rayonunda birinci meyar üzrə 15, ikinci meyar üzrə 5, üçüncü meyar üzrə 1, Sədərək rayonunda birinci meyar üzrə 10, ikinci meyar üzrə 3, üçüncü meyar üzrə 8 şəxs hədiyyə qazanıb.