SİYASƏT
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir
Naxçıvan, 12 dekabr (AZƏRTAC). Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilmişdir.
Dekabrın 12-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoymuş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətin ifadəsi olaraq onun abidəsini ziyarət etmişlər.
Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.