REGİONLAR
Naxçıvanda yeni startap layihəsinə start verilib
Naxçıvan, 16 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsinin təqdimat mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən departamentin direktoru Əkbər Novruzov bu startap layihəsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən hazırlandığını bildirib. Qeyd olunub ki, layihədə iştirakla əlaqədar elan verilib, bir ay müddətində sənəd qəbulu aparılıb və müraciət etmiş 38 nəfər təlimdə iştirak hüququ qazanıb.
Vurğulanıb ki, təqdimatı keçirilən “Peşəkar ofisiant” startap layihəsi ictimai iaşə obyektlərində və hotellərdə personalın hazırlıq səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir. Layihə çərçivəsində ofisiantlara təlimlər keçiriləcək, təlimlər zamanı həm nəzəri biliklərin artırılmasına, həm də praktik bacarıqların inkişafına xüsusi diqqət yetiriləcəkdir. Təlimlərin sonunda keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanmış ofisiantlara sertifikatlar təqdim olunacaq.
Tədbirdə çıxış edən “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov ictimai iaşə obyektlərində xidmətin təşkili ilə bağlı ümumi məlumat verib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Həsən Kərimovun çıxışından sonra qrafikə əsasən ilk təlim keçirilib.