SİYASƏT
Nazir: TDT-nin fövqəladə Zirvə Görüşü zəlzələdən sonra qardaş Türkiyə ilə həmrəylik məqsədi daşıyır
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşü 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 16-da TDT-nin Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankarada keçirilən iclasında çıxışı zamanı bildirib.
Böyük fəlakət və əsrin faciəsi olan bu zəlzələlərin on minlərlə insan itkisi, böyük dağıntılar və humanitar problemlər yaratmasına baxmayaraq, qüdrətli türk millətinin və Türkiyənin zəlzələnin fəsadlarının aradan qaldırılmasının öhdəsindən ən qısa zamanda ləyaqətlə gələcəyinə əminlik ifadə olunub. Sevincini olduğu kimi dərdini də birlikdə bölüşən xalqlarımızın bu acı günlərdə də nümunəsinə az rast gəlinən həmrəylik nümayiş etdirdiyi Ceyhun Bayramovun çıxışı zamanı vurğulanıb.