NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan hökuməti “Azərenerji” Səhmdar Cəmiyyəti ilə “Rusiya VES” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın gedişindən razıdır. Ortaya çıxan bütün məsələlər qarşılıqlı surətdə faydalı əlaqələrin gedişində təxirəsalınmadan və vaxtında həll edilir. Rusiya ölkəmizə fasiləsiz olaraq elektrik enerjisi göndərir, Azərbaycan isə bu məhsulun haqqını vaxtında ödəyir. Azərbaycan elektrik enerjisindən istifadə haqqının toplanması sahəsində “VES” SC-nin təcrübəsini öyrənmək istəyir.
Artur Rasizadə ölkəmizin energetika sisteminin inkişafından danışaraq dedi ki, Yaponiya hökumətinin çox sərfəli şərtlərlə ayırdığı kreditlər hesabına son illər respublikada qaz-turbin elektrik stansiyaları inşa olunur, bu cür bir stansiya tikilmişdir və gələcəkdə belə obyektlərin tikintisini davam etdirmək niyyətimiz var.
Baş nazir energetika sahəsində regional əməkdaşlıqdan söhbət açaraq vurğuladı ki, ölkəmiz bunda maraqlıdır, lakin Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistanın təcavüzkar siyasəti buna mane olur.
Anatoli Çubays səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, Azərbaycana ilk dəfə gəlsə də, beynəlxalq forumlardan birində ona Prezident Heydər Əliyev ilə görüşüb söhbət etmək nəsib olmuşdur. Həmin söhbət zamanı Azərbaycan dövlətinin başçısı ölkədə iqtisadiyyatın, o cümlədən energetikanın inkişaf yollarından danışmışdı. İndi Heydər Əliyevin planlarından bir çoxu artıq gerçəkliyə çevrilmişdir.
Anatoli Çubays Azərbaycan energetikləri ilə əməkdaşlığın gedişindən razı qaldığını söyləyərək bildirdi ki, qarşılıqlı surətdə faydalı layihələrin bundan sonra da gerçəkləşdirilməsinə yaxşı şərait var.
Qəbulda Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdilər.