NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən hərbi-texniki sahədə hərtərəfli əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan ilə Rusiya arasında hərbi texniki əməkdaşlıq haqqında saziş imzalanmış, bir çox məsələlər həll olunmuşdur. Belə mötəbər nümayəndə heyətinin Azərbaycana səfəri birgə fəaliyyəti əlaqələndirməyə, hər iki ölkə üçün qarşılıqlı surətdə faydalı ola biləcək yeni əməkdaşlıq formaları tapmağa imkan verəcəkdir.
Artur Rasizadə inkişaf edən Rusiya-Azərbaycan münasibətlərindən danışaraq vurğuladı ki, bu, Rusiyada Vladimir Putin hakimiyyətə gəldikdən sonra dinamik xarakter almağa başlamışdır.
Mixail Dmitriyev Rusiya hökumətinin başçısı Mixail Fradkovun, müdafiə naziri Sergey İvanovun səmimi salamlarını çatdıraraq bildirdi ki, Prezident İlham Əliyevin bu ilin qışında Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yeni təkan olmuşdur.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparıldı.
Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov görüşdə iştirak edirdi.