NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq, əmin olduğunu bildirdi ki, belə mötəbər nümayəndə heyətinin səfəri Azərbaycan-Rusiya münasibətlərinin genişləndirilməsinə daha bir təkan verəcəkdir. Vladimir Putin Rusiya dövlətinin başçısı seçiləndən sonra ölkələrimiz arasında ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Artur Rasizadə dedi ki, iqtisadi əməkdaşlığımız fəal surətdə inkişaf edir, əmtəə dövriyyəsi ilbəil artır. Baş nazir ikitərəfli iqtisadi əlaqələrdən danışaraq, regionlar arasında və ilk növbədə, böyük iqtisadi və mədəni potensiala malik olan Moskva ilə əməkdaşlığın inkişafının zəruriliyini vurğuladı. O, eyni zamanda, Moskva hökuməti ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini söylədi.
Azərbaycanın Baş naziri ölkədə həyata keçirilən iqtisadi islahatlardan və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışaraq bildirdi ki, iqtisadi proqramda sosial sahəyə xüsusi yer ayrılır və əsas ixrac neft kəməri işə salındıqdan sonra bu sahə əlavə maliyyə mənbəyinə malik olacaqdır. Artur Rasizadə onu da nəzərə çarpdırdı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də ölkənin başlıca problemi olaraq qalır.
Yuri Lujkov səmimi qəbula görə minnətdarlığını bildirərək, Bakının simasındakı müsbət dəyişiklikləri, böyük vüsət almış mənzil tikintisini xüsusi qeyd etdi. Moskvanın meri Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərin yeni səviyyəsini yüksək qiymətləndirdi və humanitar-sosial sahədə yaxşı təcrübəyə malik olan Azərbaycan-Moskva əlaqələrini də inkişaf etdirməyin zəruriliyini vurğuladı.
Qəbulda Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev iştirak edirdi.