NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq əmin olduğunu bildirdi ki, Pakistanın işgüzar dairələrinin təmsilçilərindən ibarət nümayəndə heyətinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcəkdir. O, Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda həmişə dəstəkləyən Pakistanın mövqeyini yüksək qiymətləndirərək, növbəti iclası Pakistan Prezidenti Pərviz Müşərrəfin səfəri ərəfəsində keçirilən birgə komissiyanın işini gücləndirməyin zəruriliyini vurğuladı. A.Rasizadə dedi ki, biz Pakistanla bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə tərəfdarıq və Pakistanı özümüzə qardaş və dost ölkə bilirik.
Nümayəndə heyətinin başçısı səmimi qəbula görə təşəkkür edərək dedi ki, Pakistan Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərir. Nauriz Şakur Xan qeyd etdi ki, ölkələrimiz pambıq emalı, kənd təsərrüfatı, əczaçılıq sənayesi, informasiya texnologiyaları sahəsində birgə layihələri gerçəkləşdirə, mütəxəssislər üçün məşğələlər keçirə bilərlər. Pakistan naziri öz ölkəsinin sərmayələrinin iştirakı ilə Azərbaycanda şəkər və sement zavodları tikilməsinə dair konkret layihələr barədə də məlumat verdi.
Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafiz görüşdə iştirak edirdi.