REGİONLAR
NDU-da Azərbaycan Dövlət Bayrağının Naxçıvanda Qaldırıldığı Günə həsr olunmuş dəyirmi masa təşkil edilib
Naxçıvan, 17 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 17 noyabr - Azərbaycan Dövlət Bayrağının Naxçıvanda Qaldırıldığı Günə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dəyirmi masada çıxış edən NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, 30 ilə yaxındır düşmən tapdağı altında olan torpaqlarımız öz azadlığına qovuşmağı və azad edilən Qarabağ torpaqlarında üçrəngli şanlı bayrağımızın dalğalanması bu gün bütün azərbaycanlılara qürur hissi bəxş edir. Prorektor qeyd edib ki, artıq 17 Noyabr - Azərbaycan Dövlət Bayrağının Naxçıvanda Qaldırıldığı Günü böyük Qələbənin sevinci ilə qeyd edirik.
Universitetin Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli Naxçıvan Muxtar Respublikasının keçmişdən bu günə qədər mövcud olan və dəyişdirilən bayraqlarını slayd vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilmiş üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib.
Vətən müharibəsində əldə edilən Qələbənin hər kəsə sevinc bəxş etdiyini bildirən NDU-nun Dövlət və bələdiyyə idarəetməsi ixtisasının III kurs tələbəsi Elmar İsgəndərov vurğulayıb ki, 30 il həsrətdən sonra şanlı bayrağımızın işğaldan azad edilən torpaqlarda dalğalanması hər bir gəncdə qürur hissi yaradır.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları müzakirə edilib.