REGİONLAR
NDU-nun 272 tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində pedaqoji təcrübə keçəcək
AZƏRTAC xəbər verir ki, NDU-nun kollektivinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi əməkdaşlarının, təcrübəçi tələbələrin iştirak etdikləri konfransı universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid açaraq pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər haqqında danışıb.
Bildirilib ki, ali təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, peşə vərdişlərinə yiyələnmək baxımından pedaqoji təcrübənin əhəmiyyəti böyükdür. 2014-2015-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin 272 tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində pedaqoji təcrübə keçəcək. Tələbələr Naxçıvan şəhər tam orta məktəbləri ilə yanaşı, Naxçıvan Qızlar Liseyində, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində də təcrübədə olacaqlar.
Surə Seyid pedaqoji təcrübə zamanı dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsinin, tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən də danışıb.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov muxtar respublikada orta təhsilin inkişaf səviyyəsindən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib, ali və orta ixtisas təhsili müəssisələrinin birgə fəaliyyətlərinin tədrisin və təhsilin yüksək səviyyədə qurulmasında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, pedaqoji təcrübə müddətində tələbələrin muxtar respublikanın tam orta məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Konfrans iştirakçıları pedaqoji təcrübənin sonunda təhvil veriləcək sənədlər, qiymətləndirmə meyarı, açıq dərslərin təşkili barədə məlumatlandırılıb.