REGİONLAR
NDU-nun tələbələrinin də daxil olduğu “Diplomat” komandası ölkə çempionatında finala yüksəlib
Naxçıvan, 10 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) tələbələrinin üstünlük təşkil etdiyi “Diplomat” komandası “Xəmsə” Milli İntellektual Oyunu üzə ölkə çempionatında finala yüksəlib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aprelin 5-dən 8-nə qədər Bakı şəhərində keçirilən və dahi şairimiz “Nizami Gəncəvi İli”nə həsr edilmiş gənclər arası “Xəmsə” Milli İntellektual Oyunu üzrə XIII Azərbaycan çempionatı keçirilib.
Yarışda Naxçıvan Muxtar Respublikasını layiqincə təmsil edən “Diplomat” komandası qrup oyunları və yarımfinal mərhələsini uğurla tamamlayaraq finala yüksəlib. Mükafatçılar sırasına düşməyi bacaran komanda həlledici mərhələdə də uğurla çıxış edərək aktivinə 4900 xal yazdırıb.
Çempionatı ikinci sırada tamamlayan “Diplomat” komandası Abşeronun “Golden” komandasından geri qalıb. “Diamond are forever” isə yarışın üçüncüsü olub.
Qeyd edək ki, komandada NDU-nun tələbələri Qulu Əlisoy, Əli Əliyev, Fərid Hacıyev, Zamin İbrahimov və universitetin İdarəetmə fakültəsinin dekan müavini Tural Məmmədzadə təmsil ediblər. “Diplomat” komandası intellektual yarışda muxtar respublikanı uğurla təmsil edib.