REGİONLAR
NDU-nun tələbəsi: Zəfər coşqusu yaşayan biz gənclər qəhrəman ordumuzun döyüşən əsgəri olmaq arzusundayıq
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Bu gün Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının 24 kəndinin və Zəngilan şəhərinin düşmən tapdağından azad olunması xəbəri bütün Azərbaycanı sevincə qərq etdi. Hər birimiz bir daha ölkəmizi zirvələrə yüksəldən Prezidentimizlə, döyüş meydanında tarix yazan ordumuzla qürur hissi keçirdik. Zəfər coşqusu yaşayan biz gənclərdə qəhrəman ordumuzun döyüşən əsgəri olmaq arzusu daha da artdı. Çünki bu şərəfli tarixi günlərdə Azərbaycan Ordusunun əsgəri olmaq böyük xoşbəxtlikdir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları ixtisasının III kurs tələbəsi İsmayıl Əliyev deyib. O vurğulayıb ki, bu gün hər kəs Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun üçrəngli bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə dalğalandıracağına tam əmindir. Bu gün cəbhədəki uğurlarımız, ölkəmizdə mövcud olan xalq-ordu-dövlət birliyi bir daha göstərdi ki, Azərbaycan dövləti və onun rəşadətli ordusu düşmənə layiqli cavab verməyə, müqəddəs Vətən torpaqlarını erməni qəsbkarlarından azad etməyə qadirdir və bunu edəcəkdir!
İsmayıl Əliyev vurğulayıb ki, düşmənin müharibə qanunlarını, beynəlxalq konvensiyaları kobud şəkildə pozması, insanlığa sığmayana hərəkətləri davam etdirərək yaşayış məntəqələrimizi atəşə tutması onun acizliyindən xəbər verir. Ermənilər ordumuzun qüdrəti qarşısında diz çöküb və dinc sakinləri qətlə yetirməklə ümid edirlər ki, əhalidə ruh düşkünlüyü yaradacaqlar. Xeyr! Bu, bizim düşmənə olan nifrətimizi daha da artırır. Ancaq ölkəmiz, xalqımız humanizm prinsiplərini rəhbər tutduğuna, Prezidentimiz insanpərvər olduğuna görə biz ermənilərin cavabını yalnız döyüş meydanında, erməninin “məğlubedilməz” mifini yaratdığı ordusunu darmadağın edərək veririk.
Bu gün Azərbaycan xalqının, onun gənclərinin müqəddəs amallar ətrafında yumruq kimi birləşdiyini vurğulayan İsmayıl Əliyev bildirib ki, dövlətimizin başçısının həm danışıqlar masasında, həm də hərb meydanında öz sözünü deməsi və qətiyyətli mövqe nümayiş etdirməsi hər bir azərbaycanlı tərəfindən alqışlarla qarşılanır.
“Bu gün Ermənistan bütün istiqamətlər üzrə Azərbaycandan çox geridə qalıb. Ermənistanın iqtisadiyyatı çöküb, ordusu dağılıb, əhalisinin böyük əksəriyyəti ölkəni tərk edib, onlar dünyada nüfuzdan düşüb”, - deyən NDU-nun tələbəsi diqqətə çatdırıb ki, bütün bunların əksinə olaraq, Azərbaycan inkişaf edib, güclənib, beynəlxalq aləmdə nüfuzu daha da artıb, ordusu dünyanın ən qüdrətli 50 ordusunun sırasına daxil olub.
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bu gün xalqa müraciətində qeyd etdiyi kimi, “Ona görə, bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq”.