REGİONLAR
NDU-nun Tibb fakültəsinin müəllim və tələbələri Türkiyə universitetlərində təcrübə keçirlər
Naxçıvan, 21 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Respublikasının nüfuzlu universitetləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq universitetin Tibb fakültəsinin müəllim və tələbələri qardaş ölkənin ali təhsil müəssisələrində yay istehsalat təcrübəsinə başlayıblar.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Müalicə işi, Tibbi profilaktika və Stomatologiya ixtisası tələbələrinin çoxluq təşkil etdiyi təcrübələrdə 18 müəllim, 5 rezident və 112 tələbə olmaqla, ümumilikdə 135 nəfər iştirak edir. Təcrübədə onlar müəyyən olunmuş xüsusi proqram əsasında bölmələr üzrə müayinə və müalicələrdə iştirak edir, cərrahi əməliyyatlarda yeni metodların tətbiqini izləyirlər. Müəllim və tələbələr üçün universitetlərin görkəmli professorları tərəfindən mühazirələr də təşkil olunur.
Qeyd edək ki, ali təhsil ocağının müəllim və tələbələrindən ibarət heyət Türkiyənin Qazi, Ankara, Kayseri Ərciyəs, Ərzurum Atatürk və Trabzon Qaradəniz Texniki universitetlərinin klinikalarında təcrübə keçəcəklər.