Nə əkərsən, onu da biçərsən…
Ağsu, 6 dekabr, Adil Ağayev, AZƏRTAC
Ərzaq təhlükəsizliyində xüsusi önəm kəsb edən taxılçılığın inkişafı bu gün Azərbaycan dövlətinin aqrar siyasətinin başlıca istiqamətlərindəndir. Taxılçılığın inkişafı bu sahənin yerli şəraitə uyğun yüksək keyfiyyətli toxumla təminatından da çox asılıdır.
Bəs, bölgələrdə fəaliyyət göstərən və dövlət tərəfindən hərtərəfli yardım edilən toxumçuluq təsərrüfatları fermerlərin toxuma olan tələbatını ödəyirmi? Ümumiyyətlə, bu gün əldə edilən məhsuldarlıq qaneedicidirmi? Toxumçuluq təsərrüfatlarının üzərinə bu sahədə hansı vəzifələr düşür?
AZƏRTAC-ın bu suallarını Ağsu Rayon Toxumçuluq İdarəsinin rəisi Səxavət Usubalıyev cavablandıraraq deyib:
-Bu gün hər hektar taxıl sahəsi üçün verilən dövlət yardımı, güzəştli kreditlər, bu sahənin keyfiyyətli toxumla, müasir texnika və gübrələrlə təminatı istiqamətində həyata keçirilən tədbirlər dövlətin toxumçuluğun inkişafına marağının nəticəsidir. Rayonlarda toxumçuluq idarələrinin, habelə bitki mühafizə idarələrinin yaradılması da bu maraqdan irəli gəlir. Unutmaq olmaz ki, ölkənin daxili istehsal hesabına taxılla tam təmin olunması hazırda prioritet məsələdir.
Təsadüfi deyil ki, bu gün Azərbaycanda taxılçılıq dinamik inkişaf edir. Artıq hər hektar taxıl sahəsinin məhsuldarlığı keçmiş SSRİ dövründəkindən orta hesabla 8-10 sentner çoxdur.
Lakin hazırkı məhsuldarlıq mütəxəssisləri tam qane etmir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə-Təcrübə Stansiyasında dəmyə şəraitində yetişdirilən “Qobustan” buğda toxumundan 40-45 sentner məhsul götürülür. Suvarma şəraitində isə bu məhsuldarlığı 50 sentnerədək yüksəltmək olar. Halbuki hələlik bu rəqəm çoxları üçün əlçatmaz görünür.
Etiraf edək ki, bizdə taxılçılıq mədəniyyəti heç də istənilən səviyyədə deyil. Bu sahədə mütəmadi olaraq maarifləndirmə tədbirlərinə ciddi ehtiyac var. Çoxları hələ də taxılçılıqda növbəti əkin, yay şumu kimi mühüm aqrotexniki tədbirlərə o qədər də əhəmiyyət vermir. Unutmaq olmaz ki, ümumən yüksək məhsuldarlıq üçün tələb olunan 25-dək aqrotexniki tədbir həyata keçirilməlidir.
Ötən il Ağsu rayonunda fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatı cəmi 250 ton toxum istehsal edib ki, bu da olduqca aşağı göstəricidir. Halbuki rayonda hazırda ildə orta hesabla 7 min tonadək toxuma ehtiyac vardır. Əldə olunan aşağı göstərici yazda havaların quraq keçməsi ilə yanaşı, həm də zəruri aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmamasının nəticəsidir.
Bu gün toxumçuluq təsərrüfatlarının müasir becərmə texnologiyaları ilə təminatı çox zəruridir. Əslində bunsuz yüksək məhsuldarlıqdan danışmağa dəyməz. Təsadüfi deyildir ki, Ağsuda cari ilin avqustundan fəaliyyətə başlayan yeni toxumçuluq təsərrüfatı - “Süsən aqro” MMC bu baxımdan olduqca perspektivlidir. Digər dənli-paxlalı bitkilərlə yanaşı, gələn ilin məhsulu üçün 1000 hektarda toxumluq taxıl əkən bu təsərrüfat sahələrin suvarılması üçün süni yağış yağdıran pilot aparat quraşdırılıb. Əkin və becərmə işlərində aqrotexniki tədbirlərin yüksək səviyyədə aparılması nəticəsində sahələrdəki normal çıxışın alınması gələcək bol məhsuldan xəbər verir. Bu təsərrüfatda aparılan monitorinq mütəxəssislərdə hər hektardan 50-60 sentner məhsuldarlıq əldə ediləcəyi qənaətini yaradıb.
Yeni toxumçuluq təsərrüfatında taxılın qurudularaq kondisiyaya çatdırılması, çeşidlənməsi və kisələrə yığılaraq etiketləşdirilməsi üçün Almaniya istehsalı olan aqreqat gətirilib. Hazırda respublikamızda ilk dəfə olaraq istismar ediləcək bu qurğunun quraşdırılması işləri aparılır.
Bu gün ölkəmizdə taxılçılığa olan dövlət dəstəyi əkinçilərdə bu sahəyə diqqəti getdikcə artırır. Təkcə cari mövsümdə Ağsuya 89 ton “Elit” toxum verilib. Artıq sertifikatsız, laboratoriya müayinəsindən keçməyən toxumlardan istifadə edənlərin sayı da minimuma enib. Bu isə əkinçilərin yüksək məhsuldarlığa diqqətinin artması ilə əlaqədardır. Axı, atalar demişkən, nə əkərsən, onu da biçərsən. Son vaxtlar əkin sahələrində aparılan monitorinqlər rayonda gələn il məhsuldarlığın azı 5-7 sentner artacağından xəbər verir. İnamla demək olar ki, yaxın illərdə Ağsu rayonunda yüksək repreduksiyalı toxuma, ümumən taxıla olan ehtiyac tamamilə yerli istehsal hesabına ödəniləcəkdir.