RƏSMİ XRONİKA
NƏ QƏDƏR Kİ, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ VAR, AZƏRBAYCAN XALQI VAR, HEYDƏR ƏLİYEV QƏLBLƏRDƏ YAŞAYACAQDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR
Mayın 10-u müasir Azərbaycan dövlətinin qurucusu, yurdumuzun dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 83-cü ildönümüdür. Xalqımız, eləcə də bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər bu dahi şəxsiyyətin doğum gününü məhəbbətlə qeyd edirlər.
Ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi, həmin gün sübh tezdən paytaxt ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar axın-axın Fəxri xiyabana üz tutur, Heydər Əliyevin məzarını ziyarət edir, onun ruhuna dualar oxuyur, Vətən, xalq qarşısında tarixi xidmətlərini xatırlayırlar.
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ailə üzvləri, habelə ulu öndərin doğmaları və qohumları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarının önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ulu öndərin ruhuna dua oxudu.
Sonra Prezident İlham Əliyev və onun ailə üzvləri məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin, tanınmış tibb alimi professor Tamerlan Əliyevin də məzarlarını ziyarət etdilər və gül dəstələri qoydular.
Ümummilli liderimiz Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirdilər.