MƏDƏNİYYƏT
“Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) sərgi salonunda Bakı Ali Neft Məktəbinin (BANM) və ADRA-nın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, sərgi-müsabiqə gənclər arasında ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu neft strategiyasının, incəsənətimizin və mədəniyyətimizin təbliğ edilməsi, tələbələrdə yüksək bədii zövqün formalaşdırılması məqsədi ilə BANM-ın sponsorluğu ilə təşkil olunmuşdur.
Tədbirdə BANM-ın rektoru Elmar Qasımov çıxış edərək vurğulamışdır ki, sərgi-müsabiqəyə aprel-may aylarında ADRA-nın qrafika, dizayn, rəngkarlıq, heykəltəraşlıq, sənətşünaslıq, keramika, xalçaçılıq, memarlıq, sənətşünaslıq, qobelen və reklam ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 85 tələbəsinin 100 sənət əsəri təqdim olunmuşdur. BANM-ın və ADRA-nın rəhbər işçilərindən ibarət münsiflər heyəti təqdim olunan əsərləri məzmun, üslub və bədii nöqteyi-nəzərdən qiymətləndirərək sərgi-müsabiqənin qaliblərini müəyyən etmişdir.
Qalibləri təbrik edən ADRA-nın rektoru, akademik Ömər Eldarov sərgi-müsabiqənin ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə dərin hörmət və ehtiramın təzahürü olduğunu vurğulamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası sayəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlara imza atdığını, xalqın rifah halının yüksəldiyini, elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafına dəyərli töhfələr verildiyini qeyd etmişdir.
Münsiflər heyətinin rəylərinə əsasən ADRA-da qrafika ixtisası üzrə təhsil alan Nigar Ağamirovanın “Neft” əsəri 1-ci dərəcəli diploma və mükafata, Bəxtiyar Yusifovun “Neft sərvətimizdir” əsəri 2-ci dərəcəli diploma, qobelen ixtisası üzrə oxuyan Şəhla Abbasovanın “Neft” əsəri 3-cü dərəcəli diploma layiq görülmüşdür.
ADRA-da sənətşünaslıq ixtisası üzrə təhsil alan Nərmin Süleymanovanın “Neft Azərbaycanın sərvətidir”, bu ali təhsil ocağının məzunu Ülviyyə Rzayevanın “Mədən”, rəngkarlıq ixtisası üzrə tələbə Tural Bayramovun “Neft”, heykəltəraşlıq ixtisası üzrə oxuyan İmran Mehdiyevin “Əbədi irs” və Nurlan Məmmədovun “Qara qızıl” əsərləri isə həvəsləndirici mükafatlara layiq görülmüşlər.
Mükafatlandırılan gənclər yaradıcılıqlarına verilən yüksək qiymətə görə təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.