İQTİSADİYYAT
Neft hasilatının azaldılması ilə bağlı sazişin müddəti uzadılarsa, İraq bu təşəbbüsə qoşulacaq
Bakı, 7 mart, Nihad Budaqov, AZƏRTAC
Əgər Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi sazişin müddəti uzadılarsa İraq da bu təşəbbüsə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, bunu İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi deyib.
Nazir OPEC üzrə neft hasilatının azaldılması müqaviləsinin müddətinin artırılmasını müzakirə etməyin hələ ki, çox tez olduğunu deyib: “Müqavilənin müddətinin uzadılması qiymətin və bazarın vəziyyətindən asılıdır”.
O, OPEC-in hasilatın azaldılması müqaviləsini bu ilin ikinci yarısından sonra da uzatmaq barədə qərar qəbul edəcəyi təqdirdə rəsmi Bağdadın bu təşəbbüsə qoşulmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Natiq Əliyev də OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi sazişin müddətini uzadılacağı təqdirdə Azərbaycanın bu təşəbbüsə qoşulacağını deyib.
Qeyd edək ki, OPEC bu il yanvarın 1-dən gündəlik hasilatı 1,2 milyon barrel - 32,5 milyon barrelə qədər azaltmaq barədə razılıq əldə edib. OPEC üzvü olmayan ölkələr isə gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılığa gəliblər. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi yanvar və fevral aylarında tam yerinə yetirib. Bu razılıqlar 2017-ci ilin birinci yarısını nəzərdə tutur.