İQTİSADİYYAT
Neft-qaz boru kəmərlərinin yenidən qurulması işləri uğurla davam edir
Bakı, 28 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” tresti tərəfindən neft-qaz boru kəmərlərinin yenidən qurulması işləri uğurla davam etdirilir. Trestin müvafiq strukturları “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 210 kilometrlik hissəsinin yenidən qurulması” layihəsi üzrə işləri davam etdirirlər.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin icrasında məqsəd magistral qaz kəməri vasitəsi ilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər ərazilərə (Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonları) itkisiz və fasiləsiz qaz ötürülməsini təmin etməkdir. Bu məqsədlə ümumi uzunluğu 210 kilometrlik 1020 millimetrlik boru kəməri çəkilmişdir. Hazırda kəmərin Göyçay rayonu ərazisində 114-138 kilometrlik hissəsində işlər davam etdirilir və bu günə kimi 15 kilometr boru kəməri çəkilmişdir. Boru kəmərində tikinti-quraşdırma işlərinin 4 il müddətində tamamlanması planlaşdırılır.
“Ümid” perspektiv strukturunda hasil olunacaq qaz və kondensatın 82 saylı Stasionar Dəniz Özülünə fasiləsiz nəql olunması məqsədi ilə “Ümid” və həmin özül arasında 16 düyməlik qaz və 8 düyməlik kondensat boru kəmərinin çəkilməsi layihələndirilmiş və işlərin yerinə yetirilməsi ”Neftqaztikinti” trestinə həvalə olunmuşdur. Kəmərlərin çəkilməsinə 2012-ci ildən başlanılmış və bu günə kimi “S.Vəzirov” boru düzən gəmi ilə ümumilikdə 36 kilometr boru kəməri çəkilmişdir. Cari ilin aprel ayının sonuna obyektin istismara təhvil verilməsi nəzərdə tutulmuşdur. İşlər “Neftqaztikinti” trestinin 2 saylı tikinti quraşdırma idarəsi tərəfindən yerinə yetirilir.