İQTİSADİYYAT
Neft-qaz sektorunda zəngin təcrübəyə malik əcnəbi mütəxəssislərin layihələrə cəlb olunmasına operativ yanaşma davam edəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Neft-qaz sektorunda işlərin qrafikə uyğun davam etməsi məqsədilə yüksək səviyyəli, zəngin təcrübəyə malik əcnəbi mütəxəssislərin layihələrə cəlb olunmaları prosesinə Dövlət Miqrasiya Xidməti tərəfindən çevik və operativ yanaşma bundan sonra da davam edəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev SOCAR-ın təmsilçiləri və “bp Exploration (Caspian Sea) LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi ilə keçirdiyi görüşdə deyib.
Qordon Birrel Azərbaycanın neft-qaz sektorundakı işlərin yüksək səviyyədə davam etdiyini bildirib, “Şahdəniz-2”, dayaz sulu “Abşeron” yatağı üzrə geoloji-kəşfiyyat layihələrinə hazırlıq işləri haqqında məlumat verib. Qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı, həmçinin “Şahdəniz-2” layihəsinin tikinti fazası mərhələsində ölkənin miqrasiya qanunvericiliyinə tam əməl olunur. 2013-cü ildə imzalanmış “bp-nin idarə etdiyi layihələrə cəlb olunmuş kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair SOCAR və bp arasında protokol”a uyğun olaraq transmilli neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının təmsil olunmalarının göstəricilərinin artırılması gündəlik diqqət mərkəzindədir.
Firudin Nəbiyev vurğulayıb ki, son illər Azərbaycanın enerji strategiyası çərçivəsində əldə olunan nailiyyətlər sevindiricidir və işlərin ahənginin bu şəkildə davam etməsi üçün Dövlət Miqrasiya Xidməti gələcəkdə də öz dəstəyini əsirgəməyəcək. O, milliləşmə siyasəti ilə bağlı SOCAR-ın, bp şirkətinin və podratçı müəssisələrin nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, neft-qaz sektorunda işlərin qrafikə uyğun davam etməsi məqsədilə yüksək səviyyəli, zəngin təcrübəyə malik əcnəbi mütəxəssislərin layihələrə cəlb olunmaları prosesinə Dövlət Miqrasiya Xidməti tərəfindən çevik, operativ yanaşma bundan sonra da davam edəcək. F.Nəbiyev qeyd edib ki, qarşılıqlı əlaqələrin inkişafı, gündəlik işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə töhfə verir.
Görüşün sonunda qarşıdakı illərdə işlərin genişlənməsinə rəğmən, milliləşmə strategiyasının önəmi bir daha qeyd olunub. Həmçinin SOCAR və bp tərəfindən neft-qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkili istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.