ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutunun alimləri Azərbaycan elminə mühüm töhfələr verirlər
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda (NQİ) elmi şuranın ilk iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə akademiyanın vitse-prezidenti, NQİ-nin direktoru, akademik İbrahim Quliyev rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, institutun alimləri Azərbaycan elminə mühüm töhfələr verirlər. Bu elm müəssisəsində görüləcək işlərdən də bəhs edən akademik neft-qaz yataqlarının işlənməsinə intellektual nəzarətin aparılmasının zəruriliyini vurğulayıb.
Sonra institut direktorunun müavini, professor Vaqif Qurbanov qeyd edib ki, qurumun əsas istiqamətlərindən biri neftin iqtisadiyyatı və onun inkişafının proqnozlaşdırılması olacaq. O deyib ki, Azərbaycan elmi bu gün neft və qaz axtarışının yeni mərhələsinin başlanğıcındadır.
İclasda, həmçinin elmi şuranın cari il üzrə iş planı təsdiqlənib və institutun ekspert komissiyasının yaradılması haqqında qərar qəbul edilib.