REGİONLAR
Neft və qaz texnologiyası üzrə Yapon-Azərbaycan əməkdaşlığına dair seminar
Bakı, 3 dekabr, AZƏRTAC
"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin təşəbbüsü ilə Yaponiyanın aparıcı kimya və neft-kimya şirkətlərinin əməkdaşları ölkəmizdə səfərdə olublar.
Yaponiya şirkətlərinin təmsilçiləri Bakıda keçirilmiş "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq sənaye konfransında iştirak ediblər. Onlar İqtisadiyyat və Sənaye Nazirliyinin, AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nümayəndələri, eləcə də "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin ofisində bir sıra yerli şirkətlərlə görüşlər keçiriblər.
Səfər çərçivəsində "Neft və qaz texnologiyası üzrə Yapon-Azərbaycan əməkdaşlığı" mövzusunda seminar təşkil olunub. Kimya və neft-kimya sahəsi üzrə ixtisaslaşmış yerli və yapon iş adamlarının iştirak etdikləri seminarda Yaponiyanın "JGC Corporation" şirkəti "Propilen istehsalı üzrə əsas texnologiyalar", "Mitsui Chemicals Inc" şirkətinin əməkdaşları isə "Olefinlərin alınması üçün katalizatorlarda yenilik" və "Olefin alınması üçün xüsusi texnologiyanın inkişafı" mövzularında təqdimatlarla çıxış ediblər. Yerli və yaponiyalı ekspertlər arasında müzakirələr aparılıb, azərbaycanlı iş adamlarının sualları cavablandırılıb.
Seminarın nəticəsi olaraq Yaponiyanın bir sıra aparıcı şirkətlərinin texnologiyalarının Azərbaycanda tətbiqi, Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Yaponiyalı qonaqlar, həmçinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində aparılan infrastruktur, tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara SKSP haqqında məlumat verilib, sənaye parkına dair 3D formatlı videoçarx nümayiş etdirilib. Sonra qonaqlar SKSP-nin ilk rezidenti olan "Azertexnolayn" MMC-nin Polad Boru Zavodunun fəaliyyəti ilə tanış olublar.