NEFTAYIRMADA MÜHÜM PROBLEMLƏR HƏLL EDİLƏCƏKDİR
Zavodun baş mühəndisi Davud Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir:
- Müəssisəmizdə istehsal edilən avtomobil benzininin 35, dizel yanacağının 50, reaktiv mühərrik yanacağının isə 45 faizdən çoxu ixrac olunur. Biz gələcəkdə də dünya bazarında mövqeyimizi möhkəmlətmək və ixracın həcmini artırmaq fikrindəyik. Bunun üçün çox ciddi bir problemi həll etməli, yanacağın tərkibində benzol və kükürdün miqdarını azaltmalı, onların ətraf mühitə təsirini minimuma endirməliyik.
Yeni standartları qəbul edən ölkələr, o cümlədən zavodumuzun sifarişçiləri gələn ildən belə yanacaqdan imtina edə bilərlər. Buna görə də müəssisəmizdə tezliklə daha səmərəli emal texnologiyalarını tətbiq etməyi qərara almışıq. Neftayırma sənayesi üçün mütərəqqi texnologiyalar işləyib hazırlayan, bu sahədə liderliyi əldə saxlayan ABŞ-ın UOP firmasının müəssisəmizə təqdim etdiyi iki layihə qarşıya qoyduğumuz məqsədə nail olmaqda, zənnimcə, bizə kömək edəcəkdir. Bu günlərdə neftayıranlarımız həmin firmanın birinci vitse-prezidenti Karlos Kabrera ilə görüşdə həmin layihələrlə ətraflı tanış olmuşlar.