ELM VƏ TƏHSİL
Neftçala rayonunun Xəzərkənd kəndində yeni məktəb binası istifadəyə verilmişdir
Neftçala, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Neftçala rayonunun Xəzərkənd kəndində yeni dərs ilinin ilk günündə yeni məktəb binası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, 260 yerlik binada tədris üçün bütün şərait yaradılmışdır. Məktəbin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər pedaqoji kollektivi təbrik etmiş, onlara uğurlar arzulamışlar. Son illər rayonda təhsil ocaqlarının tikintisindən danışan natiqlər bu istiqamətdə həyata keçirilən yeni layihələr barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, Xəzərkənd rayonun ucqar kəndlərindəndir. Burada 1.400 nəfərə yaxın əhali yaşayır. Uzun illər məktəblə bağlı çətinliyi olan kənddə yeni məktəb binasının istifadəyə verilməsi pedaqoji kollektiv kimi, sakinlərin də böyük sevincinə səbəb olmuşdur. Çıxışlarda dövlətin təhsilə qayğısı, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şərait xüsusi minnətdarlıqla vurğulanmışdır.
Ölkədə sosial siyasətin əsas prioritet olduğunu söyləyən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məktəbin açılışı münasibətilə sakinlərə, pedaqoji kollektivə xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, bu gün dövlətin əsas hədəflərindən biri də regionların sürətli inkişafına nail olmaqdır və bununla bağlı ardıcıl tədbirlər həyata keçirilir. Yeni məktəb və xəstəxana binalarının, yolların tikintisini bunun əyani təzahürü kimi səciyyələndirən A.Rəhimzadə qarşıdakı illərdə də bu siyasətin davam etdiriləcəyini bildirmişdir.
Sonda mərasim iştirakçıları yeni məktəb binasına baxış keçirmiş, yaradılan şəraitlə tanış olmuşlar.