İDMAN
Neftçilər Günü münasibətilə “Neftqaztikinti” trestində mini futbol turniri keçirilmişdir
Bakı, 21 sentyabr (AZƏRTAC). “Neftqaztikinti” trestinin həmkarlar ittifaqı komitəsi 20 sentyabr- Neftçilər Günü münasibətilə mini futbol turniri təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, trestin struktur vahidlərindən ibarət futbol komandalarının iştirak etdikləri yarışlara sentyabrın 19-da yekun vurulmuşdur. Finalda 7 və 8 nömrəli tikinti quraşdırma idarələrinin (TQİ) komandaları qarşılaşmışlar. Turnir 7 nömrəli TQİ-nin komandasının qələbəsi ilə başa çatmışdır.
Təltifetmə mərasimində çıxış edən “Neftqaztikinti” trestinin müdiri Mirkazım Abasov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan edilməsini xüsusi vurğulamış və bildirmişdir ki, Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda uğuru və ölkəmizin bir sıra beynəlxalq turnirlərə ev sahibliyi etməsi respublikamızda idmanın inkişafının əyani sübutudur.
Bildirilmişdir ki, trestin daha 3 əməkdaşı isə “Neftçi” İdman- Sağlamlıq Mərkəzi tərəfindən keçirilmiş neft, qaz və kimya sənayesi işçilərinin XX spartakiadasında fərqlənərək tennis, darts və qaçış idman növləri üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuşlar.
Sonda turnirin qalibləri mükafatlandırılmışlar.