CƏMİYYƏT
NEFTÇİLƏRİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ
Sentyabrin 20-də Neftçilərin peşə bayramı - “Neftçilər günü” münasibətilə əfsanəvi Neft Daşlarında təntənəli yığıncaq keçirilmişdir.
Yığıncaqdan əvvəl “Neft Daşları” Neft Qazçıxarma İdarəsinin nümayəndələri, qonaqlar dəniz neftçilərinin mədəniyyət evində Heydər Əliyev guşəsinin açılışında iştirak etdilər. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər dövlətimizin başçısının Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə aparılmış nəhəng quruculuq işlərindən, həyatın bütün sahələrində, o cümlədən sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlardan, respublikamızda neft strategiyasının işlənib hazırlanmasından və onun müvəffəqiyyətlə həyata keçirilməsindən danışdılar.
Sonra mərasim iştirakçıları Heydər Əliyev guşəsi ilə tanış oldular. Buraya Azərbaycan Prezidentinin geniş, çoxşaxəli fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri, apardığı danışıqları əks etdirən fotoşəkillər, kitablar toplanmışdır.
Neftçilərin mədəniyyət evində ənənəvi peşə bayramına - “Neftçilər günü”nə həsr edilmiş təntənəli yığıncaq oldu. “Neft Daşları” Neft Qazçıxarma İdarəsinin rəisi Alçın Şirinzadə, Üçüncü mədənin rəisi Saleh Yarməmmədov, inşaatçı Ələsgər Əliquliyev, elektrik sexinin dispetçeri Sənəm Abdullayeva, Neft Qazçıxarma İdarəsi Həmkarlar Təşkilatının sədri İftixar Hüseynov bildirdilər ki, təmsil etdikləri kollektiv öz ənənəvi bayramını yüksək əmək töhfələri ilə qarşılayır. İdarənin neftçiləri ilin əvvəlindən bu günədək nəzərdə tutulduğundan 15 min ton çox neft hasil etmişlər. Onlar vurğuladılar ki, sentyabrın 18-də üç dövlətin - Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşa edilməsinin təməlinin qoyulması, Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi dəniz mədənlərində çalışan hər bir neftçidə böyük sevinc və qürur hissi doğurmuşdur.
Təntənəli yığıncaqda iştirak edən qonaqlar “Möcüzələr adası”nda çalışan neftçiləri peşə bayramı münasibətilə təbrik etdilər, onlara yeni uğurlar arzuladılar.
Təntənəli yığıncaq Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı kollektivinin böyük bayram konserti ilə başa çatdı.