NEFTLƏ ÇİRKLƏNMİŞ SAHƏLƏR TƏMİZLƏNİR
Bu tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə “Azneft” İB-in tərkibində yaradılmış “Azərneftekologiyaservis” idarəsi artıq fəaliyyətə başlamışdır. Ötən müddətdə bu idarə tərəfindən “Balaxanıneft” və “Qum adası” neft və qazçıxarma idarələrinin balansında olan çirklənmiş torpaqların monitorinqi başa çatdırılmışdır. “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin mədənlərində isə müvafiq işlər davam etdirilir. Bununla yanaşı, “Azərneftekologiyaservis” idarəsi torpaqların təmizlənməsi və rekultivasiyası işlərinə də artıq start vermişdir. İndiyədək “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin ərazisində 1,1 hektar sahədən 2200 kubmetr çirklənmiş torpaq idarənin Binəqədi qəsəbəsində yerləşən torpaqların təmizlənməsi sexinə daşınmışdır. Təmizlənmiş torpaqlar geri qaytarılır, ərazi isə şumlanaraq yaşıllıqların salınması üçün hazırlanır. Neftlə çirklənmiş torpaqların rekultivasiyası, eləcə də Hövsan və 32-ci kanalın çıxışında təmizləyici qurğuların layihəsinin hazırlanması üçün “Dənizneftqazlayihə” Elmi Tədqiqat Layihə İnstitutuna lazımi texniki tapşırıqlar verilmiş və artıq həmin sənədlərin hazırlanmasına başlanılmışdır.
Cari ilin birinci yarısında “Balaxanıneft” NQÇİ-də uzunluğu 2805 metr olan Ramanı tunelinin 2605 metri təmizlənmişdir. Bundan əlavə, H.Z.Tağıyev adına NQÇİ-nin ərazisindəki gölün 12 hektardan artıq sahəsi torpaqlanmışdır. 2006-cı ilin birinci yarısında müəssisələrdə yığılan 20 ton neft və 170 ton qazma şlamı basdırılmaq üçün müvafiq məntəqəyə təhvil verilmişdir. Son 6 ayda 46 min metr atqı xətləri, 22,5 min metr neft kollektoru, 19,5 min metr qaz xətləri təmir edilmişdir. Eyni zamanda 4,34 hektar bataqlıq sahəsi və neft sızıntılarının altında qalmış 3,2 hektar ərazi torpaqlanma yolu ilə qurudulmuş, 15,8 hektar mədən ərazisi isə zibillikdən təmizlənmişdir. Ekologiya sahəsi üzrə tədbirlərdə “Balaxanıneft” , “Qum adası”, “Bibiheybətneft” və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin balansında olan, eləcə də Binəqədi qəsəbəsində neftlə çirklənmiş torpaqların təmizlənməsi və rekultivasiyası da nəzərdə tutulmuşdur. Bundan əlavə, Hövsan və 32-ci kanalın çıxışında təmizləyici qurğuların tikintsi, həmçinin Ramanı tunelinin bərpası da bu tədbirlər sırasındadır.
Neftlə çirklənmiş bütün torpaqları təmizləyib abadlaşdırmaq, həmin ərazilərdə yaşıllıqlar salmaq, bununla da cəmiyyətin sağlamlığına, təmiz ekoloji mühitin yaradılmasına da diqqət yetirilir. Mədən ərazilərinin qanunsuz zəbt edilməsi hallarına qarşı mübarizə xeyli gücləndirilmişdir.