İQTİSADİYYAT
“Neftqaztikinti” Tresti Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). ARDNŞ-in “Neftqaztikinti” Tresti Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Neftqaztikinti” Tresti və struktur vahidləri rəhbərlərinin iştirak etdiyi konfransda Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Cəbrayılov komitənin 2007-2012-ci illər üzrə fəaliyyəti haqqında geniş hesabat məruzəsi ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, hesabat dövründə trestin həmkarlar ittifaqı komitəsinin 6 komissiyası fəaliyyət göstərmişdir. Komissiyalar hər biri ayrılıqda öz fəaliyyət dairəsinə uyğun olaraq işçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması, istirahətinin təşkili, mədəni-kütləvi və bayram tədbirlərinin keçirilməsi istiqamətində çoxsaylı təkliflərlə çıxış etmiş, qaldırılan təşəbbüslər HİK iclaslarında baxılmış və trest rəhbərliyi tərəfindən həllini tapmışdır.
“Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov komitənin 2007-2012-ci illər üzrə fəaliyyətinin qənaətbəxş olduğunu vurğulamış və bildirmişdir ki, ARDNŞ rəhbərliyi istehsalatda işçilərin normal və sağlam iş şəraitində işləmələri üçün böyük səylər göstərir və bu məsələlərə xüsusi qayğı ilə yanaşır.
Qeyd olunmuşdur ki, hazırda trest Xəzər regionunda nadir hesab olunan “Bakı gəmiqayırma zavodunun tikintisi” layihəsini uğurla həyata keçirir, eyni zamanda, Gürcüstan nümayəndəliyi qonşu dövlətdə “Abaşa-Senaki qaz xəttinin 29 kilometrlik hissəsinin tikintisi” layihəsi üzrə tenderin qalibi olmuşdur.
Konfransda “Neftqaztikinti” Tresti HİK-nin sədrinin seçilməsi ilə əlaqədar səsvermə keçirilmişdir. Elşad Cəbrayılov yenidən bu vəzifəyə seçilmişdir. İclasda HİK-nin yeni tərkibi, nəzarət-təftiş komissiyasının yeni heyəti və ANQSİ Həmkarlar İttifaqı Respublika Komitəsinin IV qurultayına nümayəndələr də seçilmişdir.