DÜNYA
Nəhəng “Titanik” sərnişin gəmisinin tam oxşarı düzəldiləcəkdir
Bakı, 28 fevral (AZƏRTAC). 1912-ci ildə Atlantik okeanının şimalında aysberqlə toqquşaraq batan nəhəng “Titanik” sərnişin gəmisinin tam oxşarı düzəldiləcəkdir. Yeni “Titanik” yetərincə xilasetmə qayıqlarına malik olmaqla dünyanın ən təhlükəsiz sərnişin gəmisi sayılacaqdır.
Gəminin hazırlanması ideyası avstraliyalı milyarder Klayv Palmerə məxsusdur. O, “Titanik-2” gəmisinin layihəsini Nyu-Yorkda təqdim etmişdir.
“Titanik”in tam oxşarının uzunluğu 270 metr, çəkisi 40 min ton olacaqdır. Gəminin 9 göyərtəsində 850 kayuta olacaqdır.
Əvvəlkində olduğu kimi, “Titanik-2”də də türk hamamları, siqaret çəkməyənlər üçün nömrələr, parad pilləkəni, trenajor zalı olacaqdır. Gəmi 1, 2 və 3-cü sinif sərnişinlər üçün nömrələrə bölünmüşdür.
Orijinaldan fərqli olaraq, “Titanik-2”də kondisionerlər, helikopter meydançası və internet olacaqdır.
Sərnişinlər 100 il əvvəlki dəblə geyinəcək, batmış “Titanik”dəki qab-qacağın tam oxşarlarından yemək yeyəcəklər.
“Titanik-2”nin ilk reysinə çox böyük tələbat vardır. Onlarla müştəri 1-ci sinifdəki kayuta bilet üçün 1 milyon dollar təklif etmişdir.