REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşüb
Qusar, 29 iyun , Elxan Yusifli, AZƏRTAC
İyunun 29-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində şimal rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.
Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub, bir sıra müraciətlərlə bağlı isə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.