İQTİSADİYYAT
Nəqliyyatın intellektual idarəedilməsi üzrə sistem sərnişinlərin rahatlığını təmin edəcəkdir
Bakı, 9 avqust (AZƏRTAC). Yaxın vaxtlarda Bakıda nəqliyyatın intellektual idarəedilməsi üzrə sistemin fəaliyyətə başlaması ilə sərnişin avtobuslarının hərəkətinə nəzarət olunacaqdır. Bu, öz növbəsində sərnişinlərin rahatlığını təmin edəcəkdir.
AZƏRTAC xəbər verir ki, Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov hazırda sistemin quraşdırıldığını bildirmişdir. Bu istiqamətdə əsas işlərə payızda başlanılacaqdır. Sifariş olunmuş xüsusi avadanlıq artıq ölkəmizə gətirilir.
S.Məmmədovun sözlərinə görə, dayanacaqlarda avtobusun gəlmə vaxtını göstərəcək xüsusi terminallar quraşdırılır. Marşrut avtobuslarının gəlmə vaxtını göstərəcək məlumatları həm bu terminallarda, həm də internet vasitəsilə mobil telefonlarda izləmək mümkün olacaqdır.
Yeni sistemin müsbət cəhətlərindən biri də ondan ibarətdir ki, avtobuslarda gediş haqları xüsusi aparatlar vasitəsilə ödəniləcəkdir. İstifadə olunacaq kartlar həm metropolitendə, həm şəhərətrafı elektrik qatarlarında, həm də avtobuslarda işləyəcəkdir.