SİYASƏT
Nərimanov rayonunda Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-da Nərimanov Rayon Gənclər və İdman İdarəsi (NRGİİ) tərəfindən rayondakı mərkəzi parkda Dövlət Bayrağı Gününə həsr olunmuş “Hərəyə bir bayraq” şüarı altında bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dövlət bayrağı ilə bəzədilmiş parkdakı tədbirdə çıxış edənlər Dövlət Bayrağı Gününün yaranması tarixindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı və qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi “Dövlət Bayrağı Günü” kimi təsis edilmişdir.
Natiqlər tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etmiş, dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab edilməsindən danışmışlar. Bildirilmişdir ki, bu bayramın qeyd olunması gənclərin milli vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərir.
Çıxış edənlər 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayraqlarından birinin Azərbaycanda dalğalanmasından bəhs etmiş, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri bayraq şəkilləri çəkmişlər.
Məktəb şagirdləri üçrəngli bayrağımızı, milli-mənəvi dəyərlərimizi və tarixi keçmişimizi tərənnüm edən şerlər söyləmişlər.
NRGİİ-nin rəisi Nəcəf Novruzov rayonun orta məktəb şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim etmişdir.
Tədbir geniş konsert proqramı ilə davam etmişdir.