CƏMİYYƏT
Nərimanov rayonunda iri ticarət mərkəzlərindən birində müştərinin 300 manatını oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 11 yanvar, AZƏRTAC
Nərimanov rayonundakı iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə rayon polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edən həmin mağazanın müştərisi İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını qeyd edib.
Cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunan Şəfa İsmayılov şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Onun mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsində araşdırmalar aparılır.
Polis əməkdaşları Ş.İsmayılovun bu qəbildən digər cinayətlərdə iştirakını da istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.