CƏMİYYƏT
Nərimanov rayonunda keçirilən tədbirdə iştirakçılar narkomaniyanın insanların həyat və sağlamlığına mənfi təsirləri barədə məlumatlandırılıb
Bakı, 6 iyun, AZƏRTAC
26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sənaye və Texnologiya Kollecində maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı, gənclər və idman idarəsinin rəisi, ağsaqqallar şurasının sədri, polis şöbəsinin əməkdaşları, mərkəzi klinik xəstəxananın psixiatoru iştirak edib. Məruzəçilər tərəfindən narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.