CƏMİYYƏT
Nəsimi rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.
Daha sonra rayon icra hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılıb.
Qeyd edilib ki, ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlayıb. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramının təsis edildiyi qeyd edilərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyi bildirilib.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif olunublar.