Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununu “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 581; 2002, № 12, maddə 709; 2004, № 7, maddə 505; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 343) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin iyirminci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:

“kitabın pirat nüsxəsi - “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kitabın hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan nüsxəsi.”.

2. 19-cu maddənin mətni 19.1-ci maddə hesab edilsin və Qanuna aşağıdakı məzmunda 19.2-ci maddə əlavə edilsin:

“19.2. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin elektron və kağız daşıyıcılarda nüsxələrinin qeyri-qanuni hazırlanması (istehsalı) və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətlər “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin