DÜNYA
“Netflix” Nyu-Meksikoda yeni kino sənayesi mərkəzi açacaq
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
“Netflix” şirkətinin rəhbərliyi Nyu-Meksiko ştatını ABŞ-da kino istehsalı mərkəzinin yeni məkanı seçib. Şirkət ştatın ən iri şəhərinin ətrafında milyonlarla dollar dəyəri olan studiya kompleksini satın almaq üçün yekun danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu, şirkətin əldə edəcəyi ilk böyük əmlakdır və Albukerke şəhərində və Nyu-Meksiko ştatının digər məkanlarında kino istehsalı işləri üzrə xərclərin növbəti on ildə 1 milyard dollar məbləğində artacağı gözlənilir.
“Netflix” şirkətini Nyu-Meksikoya cəlb etmək üçün dövlət və yerli imkanlar hesabına iqtisadi inkişafın maliyyələşdirilməsinə 14 milyon dollardan çox vəsait ayrılıb. Ştatın qubernatoru Syuzan Martinez və Albukerke meri Tim Keller bildiriblər ki, Nyu-Meksikonun “kino istehsalı xəritəsində” yer alması istiqamətində göstərilən uzunmüddətli səylər öz nəticəsini verib. “Netflix” şirkətinin rəhbərliyi ilin əvvəlində İspaniyada özünün Avropa üzrə ilk kino istehsalı mərkəzinin yaradıldığı barədə də elan verib. Bu addım şirkətə onlayn videoplatformada öz filmlərini və proqramlarını ispan dilində yaymağa imkan verəcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton