SİYASƏT
Niderland Krallığının Azərbaycandakı səfiri Lənkəranda olmuşdur
Lənkəran, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Peter Uijterlinde Lənkəran rayonuna səfər etmişdir.
AZƏRTAC xəbər verir ki, səfir Arjen Peter Uijterlinde ilə Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə qonağa rayon haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, subtropik iqlimə malik rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycanın iqtisadi qüdrətinin artması qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafı üçün geniş imkanlar yaratmışdır.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq rayonda çayçılığın inkişafı, sitrus və subtropik meyvələrin istehsalı sahəsində uğurlu nəticələr qazanılmış, yeni emal müəssisələri yaradılmışdır.
Bildirilmişdir ki, hazırda Lənkəran rayonunda 5 çay fabriki, 2 konserv zavodu, 2 balıq emalı müəssisəsi, süd, dondurma və pivə zavodları fəaliyyət göstərir.
Görüşdə, həmçinin niderlandlı qonağa Lənkəran rayonunun turizm potensialı barədə məlumat verilmişdir.
Səfir Arjen Peter Uijterlinde ikinci dəfə Lənkərana səfər etdiyini vurğulamış, ölkəsinin Azərbaycanın ayrı-ayrı bölgələri, o cümlədən Lənkəran rayonu ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Lənkəran rayonunda gülçülük təsərrüfatının yaradılması, sahil-bərkitmə işlərinin aparılması ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Niderland Krallığının ölkəmizdəki səfiri Arjen Peter Uijterlinde Lənkəran Şəhər İcra Hakimiyyətinə Niderland haqqında Azərbaycan dilində nəfis şəkildə tərtib olunmuş kitab-albomu təqdim etmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən isə qonağa “Lənkəran” xalçası hədiyyə edilmişdir.
Həmin gün səfir Arjen Peter Uijterlinde Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinə, bayraq meydanına, Həzi Aslanov parkına, Xan sarayına, Soyqırımı parkına, “Pal-süd” müəssisəsinə, “Gilan” konserv zavoduna baş çəkmiş, “Cənub” MMC-nin istixana təsərrüfatında Hollandiyadan gətirilmiş pomidor toxumunun yetişdirilməsi ilə yaxından tanış olmuşdur.