İQTİSADİYYAT
Niderland Krallığının nümayəndə heyəti ARDNŞ-də olmuşdur
Bakı, 9 mart (AZƏRTAC). Martın 8-də ARDNŞ-in baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl R.Abdullayev xanım Melanie Schultz van Haegen-Maas Geesteranusu, nümayəndə heyətinin qadın üzvlərini və görüşdə iştirak edən ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəni 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.
Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranus ölkəmizə səfərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşməsindən məmnun qaldığını söyləmişdir. Qonaqlara ARDNŞ-in fəaliyyəti haqqında ətraflı məlumat verən R.Abdullayev Azərbaycanın yüksək templərlə dinamik inkişaf etməsində şirkətin mühüm rol oynadığını qeyd etmiş, qurumun ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında söz açmışdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın tutduğu mövqe, “Şahdəniz” yatağının işlənilməsi layihəsinin 2-ci mərhələsi, yeni qaz-kondensat yataqlarının açılmasından, habelə həyata keçirilən infrastruktur layihələrindən danışan R.Abdullayev demişdir ki, gəmiqayırma və karbamid zavodlarının inşası, yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin tikintisinə hazırlıq, Türkiyədə “Petkim”, Gürcüstanda Kulevi limanlarında aparılan inşaat, genişləndirmə və yenidənqurma işləri çərçivəsində Niderland Krallığının nəqliyyat və logistika şirkətləri ilə ARDNŞ-in sıx əməkdaşlığı üçün böyük perspektivlər yaranmışdır. Şirkət rəhbəri son illər Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə ekoloji hərəkatın geniş vüsət aldığını nəzərə çarpdırmış, bu prosesdə ARDNŞ-in fəal iştirak etdiyini söyləyərək neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində şirkətin həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışmış, bu sahədə də əməkdaşlıq üçün imkanların olduğunu qeyd etmişdir.
Daha sonra Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyətində təmsil olunan şirkət rəhbərlərinin sualları cavablandırılmışdır. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.