DÜNYA
Nigeriyada 1,5 milyondan çox uşağın həyatı təhlükədədir
Madrid, 22 oktyabr, AZƏRTAC
Nigeriyada son onillikdə ən güclü dağıdıcı daşqınlar baş verməsi səbəbindən 1,5 milyondan çox uşağın həyatı təhlükədədir.
AZƏRTAC xəbər verir ki, bu barədə UNICEF xəbərdarlıq edib.
UNICEF-in bəyanatında bildirilir ki, Nigeriyada 2,5 milyondan çox uşağın humanitar yardıma ehtiyacı var. Onların 60 faizi su ilə keçən xəstəliklərə tutulma, aclıq və boğulma riskinə məruz qalmış uşaqlardır.
UNICEF-in Nigeriyadakı nümayəndəsi Kristian Munduatenin sözlərinə görə, diarreya, respirator xəstəliklər və su yolu ilə yoluxan dəri xəstəliklərə tutulma halları çoxalıb. Təqribən 7.500 nəfərin vəba xəstəliyinə tutulması və bu xəstəliklə bağlı 319 ölüm faktı qeydə alınıb.
UNICEF-in məlumatına görə, daşqınlar Nigeriyanın 36 ştatından 34-nü əhatə edib, 1,3 milyon nəfər öz evlərini tərk edib, 600-dən çox insan həlak olub, 200 mindən çox ev qismən və ya tamamilə zədələnib.
UNICEF-in Uşaqlar üçün İqlim Riski İndeksinə (CCRI) görə, iqlim dəyişmələrinin təsiri ilə bağlı ifrat yüksək riskə məruz qalmış ölkə hesab edilən Nigeriya bu indeksə görə 163 ölkə arasında ikinci yeri tutur.
Afrikanın qərbində yerləşən Nigeriya hər il leysan yağışlar və çaylarda suyun artması ilə bağlı daşqınlardan əziyyət çəkir. İnfrastrukturun yaxşı olmaması vəziyyəti daha da gərginləşdirir. Nigeriyanın hakimiyyət orqanları builki daşqınları qonşu Kamerunun şimal regionunda yerləşən Laqdo bəndindən suyun daşması ilə əlaqələndirirlər.
2020-ci ildə daşqın nəticəsində Nigeriyada azı 40 nəfər həlak olub, 100 min hektara yaxın çəltik tarlası məhv olub.
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid