DÜNYA
Nigeriyada terror aktı: azı 17 nəfər ölüb, 47 nəfər yaralanıb
Bakı, 2 dekabr, AZƏRTAC
Nigeriyanın şimal-şərqində törədilən terror aktı nəticəsində azı 17 nəfər həlak olub, 47 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, Al-Jazeera telekanalının rəsmi mənbələrə istinadla yaydığı məlumata görə, insident şənbə günü Biu şəhərindəki supermarketdə baş verib. Partlayıcı qurğu iki terrorçu-kamikadze tərəfindən işə salınıb. Hücumun böyük ehtimalla “Boko-haram” qruplaşmasının silahlıları tərəfindən törədildiyi bildirilir.
Nigeriyada fəaliyyət göstərən bu radikal qruplaşma təhsilin Qərb modelinin əleyhinə çıxır, ölkənin bütün ərazisində şəriət qanunlarının tətbiqinə nail olmağa çalışır. Onun silahlıları qonşu Niger, Kamerun və Çadda da müntəzəm terror hücumları həyata keçirir. 2009-cu ildən bəri qruplaşma üzvləri Çad gölü hövzəsi ölkələrində 20 mindən çox insanı qətlə yetirib, 2,6 milyon insan isə qaçqın və məcburi köçkünə çevrilib. Hüquq müdafiəçilərinin məlumatına görə, ekstremistlər, həmçinin 10 minədək gənci oğurlayıblar.